Ana səhifə /

Case Studies

Son işlərimiz üzrə nəticələrimiz

Macarıstan Ticarət və Sənaye Palatasının nəzdində Daimi Arbitraj Məhkəməsinin qərarı Azərbaycan Respublikasının ərazisində tanındı və icraya yönəldildi

Ərizəçi Macarıstan maliyyə institutu Macarıstan Ticarət və Sənaye Palatasının nəzdində fəaliyyət göstərən Daimi Arbitraj Məhkəməsinə müraciət edərək borcalan ilə bağladığı Müqavilənin müvafiq maddəsində əksini tapmış arbitraj bəndinə istinad etmişdir. Tərəflər Arbitraj məhkəməsindən Borcun hissə-hissə ödənilməsinə dair yeni sazişin arbitraj qərarı ilə təsdiq edilməsini xahiş etmişlər. 


Macarıstan Ticarət və Sənaye Palatasının nəzdində fəaliyyət göstərən Daimi Arbitraj Məhkəməsi razılaşdırılmış şərtlərlə qərar çıxarmışdır ki, bu qərara əsasən cavabdeh iddiaçıya olan borcunu borcun ödənilməsi cədvəlinə uyğun olaraq bank köçürməsi yolu ilə hissə-hissə ödəməli idi. Tərəflərin razılaşdırdığı  borcun ödənilməsi cədvəlinə cavabdeh tərəfindən əməl edilmədiyi təqdirdə, borc bütövlükdə iddiaçıya ödənilməliydi. Cavabdeh arbitraj məhkəməsində baxılan işə öz
səlahiyyətli nümayəndəsi vasitəsilə qatıldığı üçün cavabdehin düzgün məlumatlandırılmasını təsdiq edən sənədlərin təqdim edilməsi zərurəti aradan qalxmışdı. 


Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 458-ci maddəsinə əsasən xarici məhkəmələrin qətnamələri Azərbaycan Respublikasının qanunlarında və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda, yaxud qarşılıqlı anlaşma əsasında Azərbaycan Respublikasında tanınır və icra edilir. Nəticədə, Azərbaycan Respublikasının Ali Məhkəməsi vəsatətimizi təmin edərək Macarıstan Ticarət və Sənaye Palatası yanında Daimi Arbitraj Məhkəməsinin qərarının Azərbaycan Respublikası ərazisində tanınması və icraya yönəldilməsi haqqında qərardad çıxartdı.


Azərbaycan xarici arbitraj qərarlarının tanınması və icrası ilə bağlı aşağıdakı beynəlxalq müqavilələrin iştirakçısıdır:

  • Xarici Arbitraj Qərarlarının Tanınması və İcrasına Dair Konvensiya (Nyu-York Konvensiyası) (heç bir qeyd-şərtsiz);
  • Beynəlxalq Kommersiya Arbitrajı haqqında 1961-ci il Avropa Konvensiyası (heç bir qeyd-şərtsiz); və
  • Dövlətlər və digər dövlətlərin vətəndaşları arasında investisiya mübahisələrinin həlli haqqında 1965-ci il Konvensiya (heç bir qeyd-şərtsiz).

Arbitraj Qanunu və Mülki Prosessual Məcəllə Nyu-York Konvensiyasının müddəalarını təkrarlayır.

Arbitraj qərarı (qəbul edildiyi ölkədən asılı olmayaraq) məcburi sayılır və yazılı müraciət əsasında Beynəlxalq Arbitraj haqqında Qanuna uyğun olaraq icra ediləcək. Ali Məhkəmə arbitraj qərarlarının icrası və tanınması ilə bağlı müraciətlərə baxır. Xarici arbitraj qərarlarının tanınması və icrası üçün icraya müraciət edən tərəf lazımi qaydada təsdiq edilmiş qərarın əslini və ya onun lazımi qaydada təsdiq edilmiş surətini təqdim etməlidir. Arbitraj müqaviləsi Azərbaycan dilində deyilsə, təsdiq edilmiş tərcümə təqdim edilməlidir.


Xarici arbitraj məhkəməsinin qərarının tam və ya qismən tanınmasından və ya icra edilməsindən yalnız aşağıdakı hallarda imtina edilə bilər:


əleyhinə qərar çıxarılmış tərəf tanınma və ya icra haqqında ərizəyə baxan məhkəməyə aşağıdakı sübutları təqdim etdikdə:

  • arbitraj sazişinin tərəflərindən birinin ona münasibətdə tətbiq edilən qanunvericiliyə uyğun olaraq həmin sazişin bağlandığı vaxtda fəaliyyət qabiliyyəti olmayan şəxs olması və ya arbitraj sazişinin tərəflərin həmin sazişə tətbiq etdikləri qanunvericiliyə və ya sazişdə belə göstəriş olmadıqda arbitraj qərarının çıxarıldığı dövlətin qanunvericiliyinə əsasən etibarsız olması barədə;
  • əleyhinə qərar çıxarılmış tərəfin arbitrin təyin edilməsi və ya arbitraj icraatı haqqında müvafiq qaydada xəbərdar edilməməsi və ya başqa səbəblərdən ona öz etiraz və sübutlarını təqdim etmək imkanının yaradılmaması barədə;
  • qərarın tərəflərin arbitraj sazişində nəzərdə tutulmayan və ya onun şərtlərinə aid olmayan mübahisə üzrə çıxarılması və yaxud qərarın arbitraj sazişinin və ya iddia tələbinin hədlərindən kənara çıxan məsələləri əhatə etməsi barədə (arbitraj sazişi və ya iddia tələbi ilə əhatə olunan məsələlər üzrə qərarlar bu saziş və ya iddia tələbi ilə əhatə olunmayan məsələlər üzrə qərarlardan ayrıla bildikdə, arbitraj sazişi və ya iddia tələbi ilə əhatə olunan məsələlər üzrə qərarları ehtiva edən hissələr tanına və icraya yönəldilə bilər);
  • arbitraj məhkəməsinin tərkibinin və ya arbitraj icraatının tərəflərin razılaşmasına və ya belə razılaşma olmadıqda arbitrajın keçirildiyi yerin qanunvericiliyinə uyğun olmaması barədə;
  • qərarın tərəflər üçün məcburi hüquqi qüvvəyə minməməsi və ya qərarın çıxarıldığı və ya qanunvericiliyinə uyğun olaraq çıxarıldığı dövlətin məhkəməsi tərəfindən ləğv edilməsi və ya icrasının dayandırılması barədə;

Ali məhkəmə həmçinin aşağıdakı hallarda da xarici arbitraj məhkəməsinin qərarının tanınmasından və ya icra edilməsindən imtina edə bilər: 

  • mübahisənin Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən arbitrajda həll edilə bilməməsini;
  • rarbitraj qərarının tanınmasının və icrasının Azərbaycan Respublikasının Konstitusiyasına və ya publik qaydaya, yəni xarakterinə görə imperativ, universal və xüsusi ictimai əhəmiyyətə malik olan, Azərbaycan Respublikasının siyasi, iqtisadi və hüquqi quruluşunun əsasını təşkil edən fundamental hüquqi əsaslara (prinsiplərə) zidd olduğunu;

Arbitraj qərarının tanınması və ya icrası haqqında ərizəyə baxarkən məhkəmənin arbitraj məhkəməsinin qərarına mahiyyəti üzrə yenidən baxmaq səlahiyyəti yoxdur.


Xarici arbitraj məhkəməsinin qərarının tanınması və icraya yönəldilməsi haqqında ərizəyə onun məhkəməyə daxil olduğu gündən 3 (üç) ay müddətində baxılır.


Xarici məhkəmələrin qətnamələri, qətnamənin qanuni qüvvəyə mindiyi andan 3 il müddətində məcburi qaydada icraya yönəldilə bilər.

PULSUZ işin təhlili +994 55 249 49 66

24/7 mövcuddur və heç bir öhdəlik tələb olunmur

Daha çox işə baxmaq