Son işlərimiz üzrə nəticələrimiz
Şirkətin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarı ləğv edilmişdir
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Şirkət barəsində tərtib edilmiş protokolda göstərilmişdir ki, onun tərəfindən daxili nəzarət proqramı tətbiq edilməmişdir. Vergi orqanının qənaətinə görə həmin müəssisə Azərbaycan Respublikası İXM-nin 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.
Nəzarət olunan subyektin səyyar yoxlanılmasına dair müvafiq Aktın təsviri-əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanun 01 fevral 2023-cü il tarixdən qüvvəyə minmiş və “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin qərarı 21 fevral 2023-cü il tarixdə təsdiq edilmiş və həmin tarixdən qüvvəyə minmişdir və həmin Qərarın tələbləri barəsində yoxlama aparılan Şirkət tərəfindən pozulmuşdur. Yoxlamanı aparan qurum hesab etmişdir ki, adıçəkilən Qərarın 3.2.1-ci bəndinə əsasən Öhdəlik daşıyan şəxslərdə rəhbərlik və ya struktur bölmələrinin rəhbərliyi (olduğu təqdirdə) səviyyəsində məsul şəxs və məsul şəxs olmadıqda onu edən şəxsin təyin edilməsi və bu barədə məlumatın 3 (üç) iş günü ərzində Maliyyə Monitorinq Xidmətinə və nəzarət orqanına verilməlidir.
Tərəfimizdən vergi orqanının sözügedən qərarından məhkəməyə şikayət verilmiş və qeyd edilmişdir ki, Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Qanununun 3-cü maddəsində göstərilən əməliyyatların hər hansı birini həyata keçirməyən (daşınmaz əmlakın alqı-satqısı; müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması; müştərinin bank, depo, poçt, ödəniş və pul hesablarının idarə olunması; hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanmasının təşkili, habelə hüquqi şəxslərin səhmlərinin və ya paylarının alqı- satqısı) hüquqi şəxsə sözügedən Qərarda göstərilən məsul şəxsin təyin edilməsi üçün məcburedici normalar mövcud deyil.
Bu sahədə nəzarəti həyata keçirən vergi orqanı iddia edirdi ki, barəsində Protokol tərtib edilmiş hüquqi şəxs “Vergilər üzrə Məsləhətlər” fəaliyyət növü ilə məşğul olduğundan “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun tələbləri həmin hüquqi şəxsə münasibətdə şamil edilməlidir. Bu mövqe ona görə yanlışdır ki, sözügedən Qanunda öhdəlik daşıyan şəxslərin sözügedən Qanunun təsir dairəsinə düşmələrini bu şəxslərin “Vergilər üzrə Məsləhətlər” fəaliyyət növü ilə məşğul olmasıyla deyil, məhz Qanunun 3-cü maddəsində təsbit edilmiş konkret əməliyyatların aparılmasıyla şərtləndirmişdir. Buna baxmayaraq nəzarət orqanı yoxlama aparılan müəssisə tərəfindən Qanunun 3-cü maddəsində təsbit edilmiş əməliyyatların aparılmasında iştirak etdiyinə dair hər hansı bir sübut omadan onun inzibati məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul etmişdir. Halbuki, məsuliuuəyə cəlb edilən Şirkət “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanununun təsir dairəsinə düşmədiyindən o, sözügedən qanunun tələblərini yerinə yetirmək öhdəliyini daşımırdı və buna görə də bu hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildi.
Nəticədə hüquqi şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilmişdir.