Ana səhifə /

Case Studies

Son işlərimiz üzrə nəticələrimiz

Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd məhkəmə tərəfindən etibarsız hesab edildi

Məhkəməyə təqdim edilmiş borc müqaviləsinə əsasən iddiaçı cavabdehə 100 000 manat borc pul vermişdir. Cavabdeh Müqavilədəki imzanın ona məxsus olmasını etiraf etmiş, lakin imzanı borc müqaviləsinə deyil, məzmunu ilə tanış olmadığı başqa bir sənədə çəkdiyini bildirmişdir. Uzun çəkişmədən sonra sübut olundu ki, tərəflər arasında etibarlı borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri  yaranmamışdır. İş üzrə sübut qismində təqim edilmiş borc müqaviləsi cavabdehin yanılma nəticəsində arzulamadığı əqdi bağlaması kimi qiymətləndirildi və müqavilə etibarsız hesab edildi.


«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2022-ci il tarixli qərarında sərgilədiyi hüquqi mövqeyinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Qeyd olunan qərardan belə müəyyən olunur ki, müqavilə üzrə tələblərə baxılarkən həmin müqavilənin etibarlılığının yoxlanılması işə baxana məhkəmə tərəfindən həyata keçirilməlidir.


Əqdi bağlayan şəxsin iradəsi zədələndikdə isə belə əqdlər mübahisə edilən əqdlər sayılır. İradənin zədələnməsinə səbəb olan əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.1-339.4-cü və 347-ci maddələrində nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsinin qərarında tərəfin iradə ifadəsinin hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində zədələnmiş olduğu hallarda əqdlərin mübahisələndirilməklə etibarsız hala gəldiyi qeyd edilmiş və bununla da mübahisə edilən əqdlərin dairəsi göstərilmişdir. Bu növ etibarsız əqdləri digər etibarsızlıq hallarından fərqləndirən mühüm xüsusiyyət odur ki, iradəsi zədələnmiş şəxs əqdi mübahisələndirənə qədər həmin əqd etibarlı sayılır və müvafiq hüquqi nəticələrə səbəb olur. Bununla belə, əqd bağlanarkən iradəsi zədələnmiş tərəfə qanunda nəzərdə tutulan müddətlərdə (Mülki Məcəllə, maddə 354.2) əqdi mübahisələndirmək, bununla da əqdi etibarsız etmək hüququ verilir. Başqa sözlə, bu halda iradə qüsurlu olsa belə, hüquqi  baxımdan tanınan etibarlılıq, mübahisələndirmə ilə pozulmuş olur (pozula bilən etibarlılıq). Mübahisələndirmə isə geriyə şamil olunaraq əqdin bağlandığı andan etibarsız sayılmasını təmin edir. 


Mübahisələndirilən əqdi etibarsız hala gətirən hüquqi səbəb məhkəmə qərarı deyil, mübahisələndirmə faktının özüdür. Konstitusiya Məhkəməsinin də qərarında “Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. ...istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır.” kimi hüquqi mövqeləri ona dəlalət edir ki, mübahisə edilən əqdin etibarsız sayılması üçün məhkəmədə tələb irəli sürmək zərurəti yoxdur, etibarsızlıq nəticəsini mübahisələndirmə faktı (iddiadan və məhkəmədən kənarda) əmələ gətirir. Çünki, etibarsızlıq bir nəticədirsə həmin nəticəni əqdi mübahisə etmək hüququna malik olan şəxsin hərəkəti təmin edir. Bu hərəkətlə, yəni iradə ifadəsi qarşı tərəfə bildirilməklə etibarsızlıq nəticəsi qanuna əsasən yaranmış olur. Bunun üçün Azərbaycanın hüquq sistemi əlavə şərtlər - iddia tələbinin irəli sürülməsi, məhkəmənin qərar çıxarması və s. tələb etmir. Amma bu məsələlərlə bağlı tərəflər arasında mübahisə yarandıqda həmin ixtilaf məhkəmə tərəfindən həll olunur. 


Belə olan halda, məhkəmə əqdə əsaslanan mübahisəyə baxarkən tərəf iradəsinin zədələnməsini və buna görə əqdi mübahisələndirməsini sübut etdikdə, yaxud məhkəmə işin halları əsasında bunu müəyyən etdikdə, etibarsızlıq nəticəsini xüsusi bir iddia tələbinin irəli sürülməsindən asılı olmayaraq nəzərə almalı və ona görə qərar verməlidir.

  


PULSUZ işin təhlili +994 55 249 49 66

24/7 mövcuddur və heç bir öhdəlik tələb olunmur

Daha çox işə baxmaq